Udi Icmasındakı Üzümlər
In traduzione, versione inglese online
Torna all'archivio > Azərbaycanın şimalında Qəbələ rayonundakı (5,744 nəfərlik əhalisi olan) Nic kəndi ölkədə udi xalqının cəmləşdiyi yalnızca iki yaşayış məntəqəsindən biridir. Udilər qədimdən şərabçılıqla məşğul olublar və demək olar ki, hər bir ailə ənənəvi olaraq şərab hazırlamaq məqsədilə müxtəlif sortda üzüm yetişdirib. Ənənəvi olaraq, üzümlər (palıd, şabalıd, qoz və s.) ağacların altına əkilir və 30 metr hündürlüyə çataraq ağac taclarına qalxırlar. Sentyabr və oktyabr aylarında məhsul yığımı vaxtı gələndə insanlar ağaclara dırmaşırlar və budaqlar boyunca yerləşən üzüm salxımlarını yığırlar. Bu prosesdə qaçılmaz olaraq bəzi tumurcuq pöhrələri qırılır və bu, təbii budama rolunu oynayır. Üç yerli üzüm sortu “şalav” (qırmızı-qara rəngli və 15% şəkər tərkibli turş sort), “fiqombal” (şəraba rəng əlavə etmək üçün istifadə olunan, tünd-qara rəngli, 15-17% şəkər tərkibli sort) və “neşumtul”dur (17-20% şəkər tərkibli, olduqca şirin, sarımtıl bir sort). Hər üç növün üzüm dənələri fındıq ölçüsündə və yuvarlaqdır. Salxımlar orta ölçülüdür. Şərab böyük palıd çəlləklərdə qıcqırdılır, daha sonra basdırılmış keramika qablarında saxlanılır və ya son illərdə olduğu kimi şərab dolu şüşə qablar qaranlıq və sərin bir zirzəmidə saxlanılır. Bu üzümlərdən hazırlanan şərab ənənəvi olaraq bayram günlərində və xüsusi tədbirlərdə istifadə olunurdu və artıq qalan məhsul isə yerli bazarda satılırdı. Qulluqdan, mövsümi dəyişikliklərdən və üzüm sortlarından asılı olaraq bir üzüm ağacının məhsuldarlığı 100 ilə 400 kiloqram arasında dəyişir. Bu gün Nicdə yalnız 50-100 üzüm qalıb, bəzilərinin təxminən 100 yaşı var. Yerli sortlardan hazırlanan bu şərablar onları tanıyanlar arasında çox məşhurdur, lakin mürəkkəb ənənəvi becərmə metodu və yığım texnikası səbəbindən yox olmaq təhlükəsi ilə qarşı-qarşıyadırlar.




